Bakıda "Küknar sərgisi" - QEYRİ-ADİ GÖRÜNTÜLƏR

Heydər Əliyev Mərkəzində "Küknar" Beynəlxalq İncəsənət Sərgisi və Müsabiqəsi keçirilib. 18 fərqli, qeyri-adi Küknar şəhər sakinlərini və paytaxt qonaqlarını bir yerə toplayıb. Layihənin məqsədi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına töhfə vermək, yeni il ərəfəsində insanlara bayram ovqatı yaşatmaqdır.

 

APA TV-nin xəbərinə görə, Küknar ağacları Heydər Əliyev Mərkəzinin parkında - açıq səma altında quraşdırılıb. İki ayadək davam edən incəsənət müsabiqəsində rəssam və heykəltəraşların eskizləri əsasında hər birinin hündürlüyü 3 metrdən çox olan qeyri-adi küknarlar hazırlanıb. Fərqli tərtibatları ilə yadda qalan Yeni il ağaclarını hazırlayanlar arasında tanınmış sənətkarlarla yanaşı, gənclər də var.

 

Müsabiqənin qalibi sərgiyə toplaşmış tamaşaçıların səs verməsi ilə müəyyənləşib. Hər tamaşaçı 3 səs verə bilərdi.

 

Səs vermə bitdi və qaliblər müəyyənləşib. Qaliblərə diplom və pul mükafatı verilib. Üçüncü yerin sahibi 2000, ikinci yer 3000 və nəhayət birinci yerin qalibi isə 5000 manatla mükafatlandırılıb.

 

İkinci yerin sahibi, 8 nömrəli əsərin müəllifi Novruz Məmmədov deyib ki, hərəkətli bir əsər yaratmaq istəyib.

 

Birinci yerin sahibi Fərəc Rəhmanov isə deyib ki, rəngbərəng quşlar insanda həmişə yüksək əhval-ruhiyyə yaradır. O hər insanda yəqin ki, elədir: "Məhz ona görə mən rəngbərəng ifadə etmişəm ki, insanlara maraqlı olsun".

 

Layihənin təşkilatçısı Heydər Əliyev Mərkəzidir.

 

"Küknar" Beynəlxalq İncəsənət Sərgisi və Müsabiqəsinin iştirakçılarının əsərləri 2014-cü il martın 1-dək Heydər Əliyev Mərkəzinin parkında sərgilənəcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı