DSX Xüsusi Məktəbində "Son zəng" tədbiri keçirilib
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 2017-2018-ci tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib. DSX Xüsusi Məktəbinin sıra meydanında təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin ifa olunması ilə başlayıb.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılıb. Tədbirdə çıxış edənlər tərəfindən ölkəmizdə gənclərin yüksək səviyyəli təhsil almaları, fiziki və mənəvi cəhətdən sağlam böyümələri, layiqli vətəndaş kimi tərbiyə olunmaları üçün böyük imkanların yaradılması, bu məsələlərin Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daima diqqət mərkəzində olması, DSX Xüsusi Məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaranması, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın 2011-ci ilin oktyabr ayının 18-də və 2018-ci ilin mart ayının 5-də məktəbdə təşkil olunan açılış mərasimlərində iştirak etməsinin bu diqqətin real göstəricisi olması qeyd olunub.
Əsas təyinatının kursantları Azərbaycan Respublikasının Prezidentinə, dövlətçiliyinə, xalqına sadiq və vətənpərvər ruhda tərbiyə etmək olan DSX Xüsusi Məktəbində yüksək səviyyəli tədris və təlim şəraitinin yaradılması xüsusi vurğulanıb.
DSX Xüsusi Məktəbini 2018-ci ildə bitirən kursantlara xüsusi döş nişanları və qiymətli hədiyyələr təqdim olunub. Məzunlar DSX Xüsusi Məktəbinin bayrağı ilə vidalaşmaq üçün bayrağın qarşısında təzim ediblər.
Kursantlar təntənəli marşla tribunanın önündən keçdikdən sonra “Sərhədçi marşı”nı ifa etmişlər. “Son zəng” çalındıqdan sonra məzunlar əllərindəki göyərçinləri səmaya buraxıblar.
Sonra məzunlar DSX Xüsusi Məktəbinin “məzun simvolu” olan rəmzi nar ağacında üzərində “2018-ci ilin məzunları” yazılmış nar meyvəsinə adları və soyadları yazılmış siyahını sancıblar.
Tədbirin sonunda məzunlar məktəbin foyesində Heydər Əliyevin büstü önünə tər qızılgüllər qoyaraq təzim etmiş və xatirə fotoşəkili çəkdiriblər.
Tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini, Baş Qərargah rəisi, general-leytenant Rəşad Sadiqov iştirak edib.