Ağsu və İsmayıllıda təbii fəlakət: Külək evlərin damını uçurdu, ağaclar aşdı, taxıl tələf oldu

Ötən gecə güclü küləklə müşayiət olunan leysan yağışları İsmayıllı və Ağsu rayonlarında təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, güclü külək rayonun Çəmənli, Qalınçaq, Diyalli və Cülyan kəndlərində bir neçə yaşayış evinin, sosial obyektin, tövlənin və  yardımçı tikilinin dam örtüyünü dağıdıb. Küləklə müşayiət olunan güclü leysan yağışı nəticəsində 20-dən çox evin içərisi su ilə dolub, insanların mebel və məişət əşyaları, yataq dəstləri su altında qalıb.

 

Rayonun Cülyan kənd sakini Anar Feyzullayevə məxsus minik avtomobilinin üzərinə ağac aşıb. Yağışdan sonra əmələ gələn sel suları rayonun Tircan və Maçaxı kəndlərinin avtomobil yolunu dağıdıb, Qoydan kəndi ərazisində torpaq sürüşməsi aktivləşib. Təbii fəlakət zamanı elektrik dirəkləri aşıb, naqillər qırılıb, İsmayıllının 66 kəndinə elektrik verilişi kəsilib. Bundan əlavə küləyin təsiri nəticəsində ağaclar aşıb, su xətti qırılıb, 20 kəndə içməli su verilişi dayanıb. Külək və leysan yağışı yetişən, lakin hələ biçilməyən taxılı tələf edib. Əkin sahələrinə və meyvə bağlarına da böyük ziyan dəyib.

 

Güclü külək və leysan yağışları Ağsu rayonunun Rəhimli, Göydəlləkli, Qaradağ və Şahbəyli kəndlərinə ciddi ziyan vurub. İlkin məlumata görə, külək 70-dən çox evin dam örtüyünü dağıdıb. Güclü külək meyvə ağaclarına və taxıl sahələrinə ziyan vurub. Ondan çox irigövdəli ağac aşıb.

 

Təbii fəlakət nəticəsində rayon ərazisinin 70 faizində elektrik enerjisi kəsilib.

 

Hazırda İsmayıllı və Ağsuda rayon fövqəladə hallar komissiyalarının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır. Təbii fəlakət ümumilikdə 500-dən çox insana, o cümlədən əkinçiliklə məşğul olan fərdi təsərrüfat sahibi, kəndli fermer və bağbana küllü miqdarda ziyan vurub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv