Biçin niyə ləngiyir: Texnika çatışmazlığı, mexanizatorların özbaşınalığı, yoxsa hava şəraiti?
Kənd təsərrüfatı rayonlarında arpa biçinində texnika çatışmazlığı yaranıb. Bu səbəbdən biçin işlərində ləngimə var. Ağcabədinin Poladlı kəndinin sakinləri APA TV-yə bildiriblər ki, biçinə başlamaq üçün kombayn tapa bilmirlər.
"Kombayn yoxdur. Arpa qalıb, buğda qalıb. Arpanın içində alaq göyərib, göy ot çıxıb".
Kəndlilər biçin işləri aparan mexanizatorlardan narazıdırlar. Onların sözünə görə kombaynları icarəyə götürən mexanizatorlar qrafiklə işləmir. Bu isə vaxt itkisinə səbəb olur. Bəzən isə mexanizatorlar digər rayonlara gedərək biçin işlərini ləngidirlər.
"İşləyən kombaynları icarəyə veriblər. Mexanizatorlar da deyir ki, bizim kefimiz harada istəyir, orada biçin işi aparacağıq. Dövlətimizdən çox razıyıq. Subsidiya verib, gübrə verib, bütün dəstəyi verib, amma biz məhsulumuzu yığa bilmirik".
"Mənim 7 hektar arpa sahəm var. Onun 4 hektarın biçdirmişəm, amma 3 hektarım qalıb. Gecikdiyi üçün məhsulum məhv olur. Belə getsə balalarım ac qalacaqlar. Dövlətimiz sağ olsun, bütün dəstəyi göstərib, lakin biçin işlərini apara bilmirik".
"Aqroservis"in Ağcabədi filialından bildiriblər ki, yaranmış problemdən xəbərləri var. Lakin biçin işlərinin gecikməsinə səbəb kombaynların ətraf rayonlara getməsi yox, havaların qeyri-sabit keçməsidir. Servis biçin işlərini gücləndirilmiş iş rejimində aparır. Poladlıdan olan kəndli fermerlərin narahatlığına ən qısa müddətdə son qoyulacaq.