Lənkəranda qayda pozan, sərxoş sürücülərə qarşı reydlər keçirildi
Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Lənkəran və Masallı DYP bölmələri, həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının 11-ci taqımı tərəfindən Lənkəran rayonunda reyd keçirilib. APA TV-nin cənub bürosunun məlumatına görə, reyd rayonun müxtəlif küçə və prospektlərini əhatə edib.
Yol nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Yollarda sürücülərin, piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan bu cür reydlər həftə ərzində rayonun müxtəlif ərazilərində davam etdiriləcək.