Zaqatala polisi qaydalara əməl etməyən sürücüləri "sıraya düzdü"

Zaqatalada bayram günləri keçirilən avtoreyd zamanı 70 sürücü haqqında inzibati qaydada tədbir görülüb.

 

APATV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala RPŞ Dövlət Yol Polisi bölməsinin əməkdaşları bayram günlərində avtomobil yollarında təhlükəsiz hərəkəti təmin etmək məqsədi ilə rayon mərkəzində və bir sıra rayondaxili avtomobil yollarında avtoreyd keçirib. İyunun 17-si və 18-də keçirilən avtoreyd zamanı yol hərəkəti qaydalarını pozan 70 sürücü barəsində inzibati xətalar məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Bunlardan 16 sürücünün idarə etdiyi avtomobil isə cərimə meydançasına aparılıb.

 

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində hərəkəti tənzimləmək üçün inşa edilmiş yeraltı piyada keçidi ətrafında aparılan reyd zamanı keçiddən istifadə etməyərək yolun hərəkət zolağına çıxan piyadalar da saxlanılıb və onlarla maarifləndirici söhbət aparılıb, xəbərdarlıq edilib.

 

Zaqatala RPŞ-nin DYP Bölməsinin rəisi Rəhim Zalov APA TV-yə verdiyi məlumatda bildirib ki, yay mövsümünün başlamasını və rayona avtomobillərin gəliş-gedişinin çoxalmasını nəzərə alaraq, baş verə biləcək yol nəqliyat hadisələrinin qarşısını almaq məqsədilə belə reydlərin mütəmadi keçirilməsi nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv