Kapitan İngiltərəni xilas etdi, Belçikadan asan, İsveçdən isə çətin qələbə

İyunun 18-də DÇ-2018 çərçivəsində növbəti oyunlar keçirilib. APA TV-nin məlumatına görə, Rusiyadakı mundialın 5-ci günündə 3 qarşılaşma baş tutub.

 

F qrupunda ilk tura yekun vurulub. Almaniya və Meksikanın qrupunda yer alan İsveçlə Cənubi Koreya üz-üzə gəlib. Matçın taleyini 1 qol həll edib. Andreas Qranqvistin penaltidən vurduğu yeganə top İsveçə 3 xal qazandırıb.

 

Həmçinin G qrupunda da mübarizəyə start verilib. Öncə meydana Belçika və Panama yığmaları çıxıb. Turnirin favoritlərindən sayılan belçikalılar rəqibi asanlıqla üstələyib. Hesabı 47-ci dəqiqədə Dris Mertens açıb.

 

İkinci hissədə belçikalılar daha iki dəfə fərqlənib. 69-cu dəqiqədə Romelu Lukaku komandasına ikinci qol sevincini yaşadıb. Ancaq bu da son olmayıb. Lukaku 75-ci dəqiqədə dubla imza atıb və üçüncü dəfə panamalıları oyuna mərkəzdən başlamağa vadar edib.

 

Günün son qarşılaşmasında isə futbolun yaradıcıları mundial həyəcanına başlayıb. İngiltərənin rəqibi Tunis olub. Qarşılaşma İngiltərənin qələbəsi ilə başa çatsa da, bu qələbəni əldə etmək ingilislər üçün asan olmayıb. Hesabı 11-ci dəqiqədə kapitan Harri Keyn açıb.

 

Birinci hissənin sonlarına yaxın Fercani Sassiyə qarşı edilmiş kobudluğa görə hakim ingilislərin qapısına penalti təyin edib. 35-ci dəqiqədə dəqiq yerinə yetirilən bu zərbə Tunis azarkeşlərini sevindirib.

 

Oyunun taleyi isə ikinci hissənin sonunda, daha dəqiq desək, oyunun əsas vaxtına əlavə edilmiş ilk dəqiqədə həll olunub. Bu dəfə də komanda kapitanı Harri Keyn önə çıxıb və dubla imza ataraq, İngiltərənin qələbəsini çətinliklə də olsa təmin edib.

Müəllif | Apa.Tv
Apa.tv