Bakıda bir gündə iki yanğın: "Taxta bazarı" və restoran yandı
Bu gün paytaxtın Ziya Bünyadov prospektində yerləşən Dərnəgül bazarında yanğın hadisəsi qeydə alınıb.
APA TV-nin xəbərinə görə, xoşbəxtlikdən xəsarət alan olmayıb. Yanğın FHN-in briqadaları tərəfindən dərhal söndürülsə də, sahibkarlara külli miqdarda ziyan dəyib.
Şahidlərin dediyinə görə, "Taxta bazarı" kimi tanınan ərazidə yanğın səhər saat 08:30 radələrində başlayıb.
Bildirilir ki, yanğın ehtiyatsızlıq ucbatından baş verib və saxlanılan materialların tezalışan olması səbəbindən dərhal ətrafa yayılıb.
Yanğın təxminən 10-dan artıq dükanı əhatə edib, xeyli sayda tikinti materialına ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib cəlb olunub və yanğının daha da böyüməsinin qarşısı alınıb.
Qeyd edək ki, xeyli sayda kimyəvi maddə tərkibli boyaların yanması nəticəsində havaya qatı tüstü və zərərli qoxular yayılıb. Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək monitorinq və araşdırma işlərinə başlayıb. Nazirliyin müfəttişi Şakir Quliyev sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüldüyünü və laborator analizlərdən sonra nəticələr barədə məlumat veriləcəyini qeyd edib: "Yanan dükanlardır, boyadır, tikintidə istifadə olunan materiallardır. Buna görə də araşdırma aparırıq. Qanuna müvafiq tədbirlər görüləcək".
Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də gəlib. O, yanğın nəticəsində xəsarət alanın olmadığını bildirib, yanğının səbəblərinin araşdırılacağını və araşdırmalardan sonra ətraflı məlumat veriləcəyini qeyd edib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov isə bildirib ki, hadisə "Taxta bazarı"nın ərazisində qeydə alınıb və daha sonra qonşuluqdakı dükanlara keçib: "Küləkdir. Tüstüdən nə baş verdiyini görə bilmədik. Bazarın ərazisindən başlayıb. Çox şükür, söndürülüb. FHN və rayon polis bölməsinin araşdırmalarından sonra məlumat veriləcək"
Qeyd edək ki, Nərimanov rayonunun başqa bir ərazisində də yanğın hadisəsi qeydə alınıb.
"Nanəli" adlı restoranda baş vermiş yanğının söndürülməsinə 11 ədəd yanğınsöndürən maşın, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
FHN əməkdaşlarının səyi nəticəsində yanğın söndürülsə də, restorana xeyli ziyan dəyib. Xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verdiyi isə hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.