Qubada mal-qara və qızıl oğruları tutuldu
Qubada oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri saxlanılıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, Quba RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olmaqla oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Fərid Kərimov və Məmmədşah Rüstəmov saxlanılıb.
Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər, zərərçəkənin evinə gizli yolla girərək oradan ümumi dəyəri 3000 manat dəyərində olan qızıl-zinət əşyaları və 60 manat nağd pulu götürdüklərini, oğurladıqları qızıl-zinət əşyalarını Sumqayıt şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Aparılan istintaq araşdırmaları zamanı Fəridin 2017-ci ildə həmin ünvandan xalasına məxsus 2000 manat pulu gizli yolla talayaraq oğurluq etdiyi aşkarlanıb.
Polis əməkdaşları həmçinin Rustov kənd sakini Ağalar Bayramovun həyətindən 2 baş xırda buynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Mahir Həsənovu saxlayıb. Aparılan araşdırmalar nəticəsində M.Həsənovun 2017-ci ilin mart ayından cari ilin may ayına qədər olan müddətdə həmkəndlilərinə məxsus 4 baş iribuynuzlu və 2 baş xırda buynuzlu heyvanı oğurlaması da müəyyən edilib.
Dindirilmə zamanı M.Həsənov oğurladıqları heyvanları Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.