İmişlidə pambıq tarlasında zəhərlənmə baş verib

İmişlidə pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.

 

İmişli Rayon Xəstəxanasının baş həkimi Cəsur Paşayevin APA TV-nin Mil-Muğan bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarında 35 nəfərə qədər şəxs xəstəxanaya müraciət edib

 

Onların bir çoxu panik vəziyyətdə müraciət edib, sadəcə, zəhərlənə biləcəklərindən qorxublar. Müraciət edənlərin əksəriyyəti evə yola salınıb, hazırda palatalarda bir neçə xəstə var. Onların da heç birində ciddi zəhərlənmə əlaməti yoxdur.

 

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə bildirib ki, hadisə baş verən ərazidə olub və daha sonra xəstəxanaya baş çəkib. Onun sözlərinə görə, fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb. Amma yaxınlıqdakı digər sahə dərmanlanıb və küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər.

 

Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova qeyd edib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər: "Hazırda həmin şəxslərdən götürülmüş  analizlər Bakıya,  Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək".

 

Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Hüseynov isə deyib ki, nazirliyin mütəxəssisləri, şöbə və xidmət rəisləri əraziyə ezam olunub: "Araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Müəllif | Apa.Tv
Apa.tv