Bostanda narkotik becərən iki qardaş tutuldu - AĞDAŞDA

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və kultivasiyasına qarşı mübarizə tədbirləri çərçivəsində rayon sakinləri həbs olunub.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhər sakini, 1962-ci il təvəllüdlü Məmmədov Tofiq Məmməd oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində olan istixanasında xiyar şitillərinin arasında narkotik bitkilərin əkildiyi müəyyən edilib və ümumi çəkisi 12 kiloqram olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 

Ağdaş RPŞ-nin baş təhqiqatçısı Rəşid Musayevin sözlərinə görə, polis əməkdaşları Tofiq Məmmədovun qardaşı, rayonun Malay kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədov Tacəddin Məmməd oğlunun yaşadığı evin də həyətinə baxış keçirib:

 

"Paxla əkini sahəsində xüsusi aqrotexniki qaydada yetişdirilmiş çəkisi 2 kiloqram olan 4 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. Tofiq Məmmədov narkotik yetişdirdiyinə görə əvvəllər də məhkumluq həyatı yaşayıb".

 

Faktla bağlı Ağdaş RPŞ-nin təhqiqat qrupu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv