Astarada heroin alverçiləri bir-bir ələ keçdi

Astara polisi narkotik vasitələrin satışına qarşı əməliyyat tədbirləri keçirilib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, əməliyyat tədbirlərinin birində qaçaqmalçılıq yolu ilə respublika ərazisinə narkotik vasitələr keçirərək satışı ilə məşğul olan şəxs saxlanılıb.

 

Rayonun Şahağacı kəndinin sakini Asim İmamverdiyev qaçaqmalçılıq yolu ilə əldə etdiyi narkotik vasitəni satarkən həbs olunub və üzərindən 4 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Davam edən əməliyyat zamanı onun yaşadığı evə baxış keçirilib və ümumilikdə ondan 12 bükümdə narkotik vasitə olan heroin və bir bükümdə külli miqdarda narkotik vasitə olan tiryək aşkarlanıb. A.İmamverdiyev saxlanılarkən qardaşı Mühəndis İmamverdiyev polis əməkdaşlarına müqavimət göstərdiyi üçün tutulub.

 

Bundan başqa, davam edən əməliyyat rayonun Rüdəkəran kənd sakini Rusif Hüseynov və əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmasına görə bir neçə dəfə məhkum olunmuş Astara şəhər sakini Əhliman Əliyevin saxlanılması istiqamətində aparılıb. İşi araşdıran müstəntiq Ziya Rüstəmovun sözlərinə görə, onların hər birinin üzərində 5 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı Astara RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv