İrandan Rusiya-Səudiyyə planına rədd cavabı - OPEC NƏ QƏRAR VERƏCƏK?
Dünya neft bazarında qeyri-stabillik davam edir.
APA TV-nin məlumatına görə, sutka ərzində "Brent" markalı neft bahalaşıb, Qərbi Texas markasının qiymətlərində isə ciddi dəyişiklik baş verməyib.
Dünyanın ən böyük iki iqtisadiyyat nəhəngi - ABŞ və Çin arasında ticarət müharibəsi yenidən qızışmaqdadır. ABŞ prezidenti Donald Tramp Çin mallarına 200 milyard dollarlıq idxal vergisi qoyacağını bildirib. Çin isə buna layiqli cavab verəcəyini açıqlayıb.
İran isə OPEC-in istehsalı artırmaqla bağlı razılaşma əldə edə bilməyəcəyini açıqlayıb. İstehsalı cüzi şəkildə də olsa artırmaq təklifini rədd edən İran, bu həftə keçiriləcək OPEC toplantısında Səudiyyə Ərəbistanı ilə qarşı-qarşıya gələcək.
Rusiya və Səudiyyə Ərəbistanı birlikdə gündəlik neft istehsalını 1,5 milyon barel artırmağı təklif edir. İran, İraq və Venesuela neft istehsalının artırılması üçün hələ çox tez olduğunu elan edib.
Hazırda "Brent" markalı neftin bir bareli 75,39 dollardan, WTI nefti isə 65,22 dollardan satılır.