ABŞ-dan növbəti diplomatik demarş - İSRAİL ALQIŞLADI, RUSİYA PİSLƏDİ

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk etməyə qərar verib.


APA TV-nin məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib: "ABŞ rəsmi olaraq İnsan Haqları Şurasını tərk edir. Çünki bu qurumda təmsil olunan ölkələrin özü bilavasitə bu haqların pozucularıdır".

 

ABŞ dövlət katibi Mayk Pompeo isə ölkəsinin milli maraqlarının pozulduğunu vurğulayıb: "Əgər təşkilat bizim və müttəfiqlərimizin milli maraqlarını pozursa, biz onun üzvü olmaqdan imtina edirik. Onu da deyim ki, N.Heyli artıq bir ildən çoxdur ki bu təşkilatda islahatlar həyata keçirməyə çalışır".  

 

Rəsmi Vaşinqtonun bu addımına bir sıra ölkələrdən reaksiya gəlib. Belə ki, İsrail bu diplomatik jesti alqışlayıb, Rusiya isə ABŞ-ın Şuranı öz maraqları naminə istifadə edərək, yararsız hesab etdiyi dövlətləri cəzalandırmaq cəhdində ittiham edib.

 

Qeyd edək ki, hazırda quruma ümumilikdə 47 dövlət daxildir. Bu dövlətlərdən 13- ü Afrika regionu, daha 13-ü Asiya-Sakit okean, 8-i Latın Amerikası və Karib ölkələri, 7-si Qərbi Avropa, 6-sı Şərqi Avropanın payına düşür.

Müəllif | Apa.Tv
Fərid Rəsulov