Hələb bombalandı: 70 ÖLÜ, 140 YARALI
Suriya ordusunun Hələb şəhərinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 70-i ötüb. Hücum zamanı azı 140 nəfərin yaralandığı bildirilir. Yaşayış məntəqələrinə 13 bombanın atıldığı bildirilir. Daha bir neçə bomba isə boş ərazilərə düşüb.
APA TV-nin xəbərinə görə, səhra xəstəxanaları gücləndirilmiş iş rejiminə keçib, ölən və yaralananların sayının artacağı istisna olunmur.
Hələb koordinasiya komitələri beynəlxalq ictimaiyyətə müraciət edərək, davam edən bombardmanların dayandırılması üçün hərəkətə keçməyə çağırıb. Qış fəslinin yaratdığı çətinliklər, üstəlik, hava hücumlarının davam etməsi üzündən bölgə sakinlərinin köçməyə hazırlaşdığını bildirən komitələr qətliamların yeni köç dalğasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Komitələr hücumların dayandırılması üçün beynəlxalq ictimaiyyətdən Əsəd rejiminə təzyiq göstərməyi xahiş edib.