Qəza törədən "AVTOŞ" HADİSƏ YERİNDƏN QAÇDI

Bakıda avtoxuliqan qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Bakının “Beşmərtəbə” dairəsində Dövlət Yol Polisinin əməkdaşları reyd keçirən vaxt baş verib. “Nizami” metrostansiyası tərəfdən Şıxəli Qurbanov küçəsi ilə hərəkətdə olan "Daewoo-Nexia" markalı avtomobilin sürücüsü yol polisi əməkdaşlarını görüb və onlardan yayınmaq məqsədilə hərəkət istiqamətinin əksinə Füzuli küçəsinə daxil olmağa cəhd edib. Bu vaxt qarşıdan "Mercedes" markalı avtomobil gəlib və "Daewoo"-nun sürücüsü maşınını həmin avtomobilə çırpıb. Zərbədən "Mercedes" arxaya atılıb və arxadan gələn "VAZ 21015"-ə dəyib. "Daewoo"-nun sürücüsü və yanındakı sərnişin dərhal avtomobildən düşərək qaçıblar. Xəsarət alan olmasa da, avtomobillərdən ikisini ciddi ziyan dəyib.

Yol polisi əməkdaşları Daewoo-nun sürücüsünün avtoxuliqan olduğunu ehtimal edirlər.


Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv