Gülər: "RZA ZƏRRABLA BAĞLI QANUNSUZLUQ OLMAYIB"
Türkiyədə keçirilən korrupsiya və qaçaqmalçılıq əməliyyatı çərçivısində oğlu həbs olunmuş daxili işlər naziri Müəmmər Gülər hadisədən sonra ilk dəfə mediaya danışıb. APA TV-nin Türkiyənin Anadolu Agentliyinə istinadən xəbərinə görə, nazir hadisədən dərhal sonra baş nazir Ərdoğanla görüşdüyünü və ona vəzifəsindən azad olunmaq, istefa vermək də daxil olmaqla hər addıma hazır olduğunu deyib. Nazir deyib ki, o, istintaqa təsir etməmək məqsədilə bu günə qədər susub və prosesləri izləyib: “ Bu əməliyyat korrupsiya pərdəsi altında həyata keçirilən çox çirkin bir oyundur. Artıq əməliyyat medianın da manipulasiyaları ilə qaralama kampaniyasına çevrilib və bütün hüquqi çərçivələri aşıb”.
Nazir bildirib ki, istintaqın aparılmasında ciddi problemlər var: “Bizim müdafiə haqqımızı məhdudlaşdırıb, hər şeyi əvvəlcədən özləri hazırlayıblar. Onların nazirlərin toxunulmazlığının qaldırılması ilə bağlı təqdimat hazırlamaq səlahiyyətləri yoxdur. Amma belə bir sənəd hazırlayıb bunu təcili olaraq ordakı rəsmilərə imzalatdırmaq istəyiblər. Təəssüf ki, polis əməkdaşları da bu işlərə alət ediliblər”.
Oğluna qarşı “çirkli pulların yuyulması, qızıl qaçaqmalçılığı, səlahiyyətindən sui-istifadə etmə” kimi ittihamlar irəli sürüldüyünü deyən nazir bunların heç birinin sübuta yetirilmədiyini və hadisə ilə bağlı bütün sənəd, mənbə və digər məlumatların vəkilləri tərəfindən istintaqa təqdim edildiyini bildirib: “Açıq söyləyirəm, mənim qanunsiz bir iş görməyim müzakirə mövzusu belə deyil. Rza Zərrabla bağlı etdiyimiz heç bir işdə qanunsuzluq yoxdur. Qanun imkan verdiyi təqdirdə hər vətəndaşa göstərilən xidmət ona da göstərilib. Onun vətəndaşlığa qəbul edilməsi prosesində heç bir qanunsuzluğa yol verilməyib".
Daxili işlər naziri istintaqa təzyiq göstərmədiyini, müdaxilə etmədyini də vurğulayıb.