Piyadanı vurub qaçan sürücüyə aman vermədilər

Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin  məlumatına görə, Qazax rayon sakini İlqar Məmmədov idarə etdiyi “Mercedes” markalı, 99 EL 535 dövlət nömrə nişanlı avtomobili qarşıda hərəkətdə olan “Niva” markalı avtomobilə vurub. "Mercedes" toqquşmadan sonrea istiqamətini itirərək yolun kənarı ilə hərəkət edən piyada, Zaqatala şəhər sakini, 1992-ci il təvəllüdlü Şamil Mehdiyevi vurub. Hadisə yerində olan şahidlərin APA TV-yə verdiyi məlumata görə, İlqar Məmmədov hadisə yerindən qaçmaq istəyib. Ətrafdakı sakinlərin yolu kəsməsi ilə o, idarə etdiyi avtomobili məcburi saxlayıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Şamil Mehdiyev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Ona lazimi tibbi yardım göstərildikdən sonra xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda Şamil Mehdiyevin vəziyyəti orta-ağır hesab edilir.

 

APA TV və digər kanallar Zaqatala MRX-da Şamil Mehdiyevin görüntülərini çəkmək istəyərkən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Rövşən Hüseynov operatorlara mane olub. O, yalnız özündən daha yüksək vəzifəli şəxslə telefon əlaqəsi saxlayandan sonra çəkilişə icazə verib.

 

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov