Saxlanan şəxs: "Oğurluq etdiyimə görə peşman deyiləm"
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları müxtəlif vaxtlarda mənzillərdən oğurluq edən şəxsləri saxlayıb. APA TV-nin xəbərinə görə, bir müddət əvvəl polis şöbəsinə evlərindən oğurluq olunan şəxslər tərəfindən şikayətlər daxil olub. Aparılan əməliyyatlar zamanı şübhəli bilinən iki nəfər saxlanılıb. Məlum olub ki, saxlanılan şəxslərdən biri - Saatlı sakini, 24 yaşlı Sübhan Soltanov qohumlarının mənzillərindən oğurluq edib. Sübhan sentyabr ayında qohumlarının evdə olmadığını bilərək oğurluq etdiyini etiraf edib. O, mənzilin arxa pəncərəsindən içəri daxil olub, oradan ümumi dəyəri 750 manat qızıl zinət əşyaları götürüb. Digər cinayəti isə başqa mənzildən oktyabr ayında törədib. Eyni qayda ilə içəri girərək 242 manat dəyərində cehiz əşyaları və 1000 manat pul oğurlayıb.
S.Soltanov əməlindən peşman olduğunu deyib.
Digər saxlanılan şəxs - 23 yaşlı Elan Bayramov da dindirmə zamanı əməllərini boynuna alıb. O deyib ki, Saatlı şəhəri Oruc Rzayev küçəsi 2 saylı ünvanda yerləşən mənzildən dəyəri 1500 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
E. Bayramov yoxsulluqdan oğurluq etdiyini, peşman olmadığını bildirib.
Elan Bayramov əvvəllər də məhkumluq həyatı yaşayıb.