Sevgilisi ilə dalaşan Gəncə sakini BİNANI PARTLATMAQ İSTƏYİB - YENİLƏNİB
Gəncə şəhərində özünü və yaşadığı binanı partladacağı ilə hədələyən şəxsin kimliyi dəqiqləşdirilib. Gəncə Şəhər Baş Polis İdarəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, saxlanılaraq Polis İdarəsinə aparılan şəxs 32 yaşlı Əflatun Abdıyevdir. Onunla birgə evdə olan qadının isə 1985-ci il təvəllüdlü Gülnar Nəbiyeva olduğu aşkarlanıb. Onların qeyri-rəsmi olaraq bir yerdə yaşadıqları bildirilir.
İlkin məlumatlara görə, hadisəyə onların arasında yaranmış mübahisə səbəb olub.
Ə. Abdıyevdən “F-1” əl qumbarası götürülüb. G. Nəbiyeva da onunla birgə saxlanılaraq Polis İdarəsinə aparılıb.
Baş Polis İdarəsinin rəisi Faiq Şabanov həmin şəxsin danışıqlar yolu ilə fikrindən daşındırıldığını deyib. Polis rəisi, bəzi KİV-də zərərsizləşdirilən şəxsin beş polis əməkdaşını girov götürməsi barədə məlumatları isə təkzib edib.