Ermənistanda kütləvi aksiyalar başlayıb - PARLAMENT RUSİYA İLƏ SAZİŞİ RATİFİKASİYA ETDİ
Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir. Minlərlə şəxs “ArmRosQazprom” QSC-nin fəaliyyətinin dayandırılması və səhmlərinin alqı-satqısı haqqında Ermənistan-Rusiya sazişlərinin ratifikasiyasına etiraz əlaməti olaraq parlamentin qarşısına toplanıblar. Etiraz doğuran sazişə əsasən, 2043-cü ilə qədər Ermənistana digər şirkətin qaz idxal etməsi qadağan olunur.
Əraziyə aksiya iştirakçıları ilə yanaşı, çoxsaylı polis əməkdaşları da toplaşıb. Onlar aksiyanın icazəsiz olduğunu bəyan ediblər. Aksiyada deputatların ünvanına "satqın", "qul" kimi ifadələr səsləndirilib.
Ermənistanın bir neçə parlament jurnalisti də hökumətinə məxsus şirkətin səhmlərinin 20 faizinin satışına etiraz olaraq iclas zalına plakatlarla daxil olublar. Sənəd isə artıq Ermənistan parlamentində ratifikasiya olunub. 77 deputat sazişin lehinə səs verib. Səsvermə kifayət qədər gərgin şəraitdə keçib. Elektron səsvermə mümkün olmayıb və köhnə üsuldan istifadə edilərək və əl qaldırmaqla səsvermə keçirilib. Səsvermə zamanı jurnalistlər onlar üçün ayrılmış yerin şüşələrinə döyməyə başlayıblar. Sənəd Rusiya prezidenti Vladimir Putinin dekabrın 2-də Ermənistana dövlət səfəri zamanı iki ölkə prezidentləri arasında imzalanıb.