Astarada narkotik alverçiləri ələ keçdi - SİFARİŞÇİSİ QADINDIR
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı Astara rayonu ərazisində Astara şəhər sakini, 20 yaşlı Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metafitamin ilə saxlanılıb.
APA TV-nin xəbərinə görə, fakt üzrə keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan Astara şəhər sakini, 31 yaşlı Abdullayeva Aynur Mahir qızı da saxlanılıb. Bundan sonra narkotik vasitənin sifarişçisi də müəyyən edilib.
Əməliyyat-axtarış tədbirinin davamı olaraq Sumqayıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şəhərində narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunan Corat qəsəbəsi sakini, 52 yaşlı Ağayeva Xalidə İlyas qızı saxlanılıb. Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində cinayət işi başlanılıb.