Maliyyə naziri: "Təhsil və səhiyyə işçilərinin maaşı..."
"Azərbaycan MDB dövlətləri arasında beş ildir öz iqtisadi liderliyini qoruyub saxlayır”.
APA TV-nin xəbərinə görə, bBaş nazirinin birinci müavini Yaqub Eyyubov “Azərbaycan 2013-2018: yeni hədəflərə doğru” adlı konfransda bildirib ki, ölkədə son 10 ildə 132 dövlət proqramı icra olunub və icra olunmaqdadır: "Bu müddət ərzində ÜDM 3,4 dəfə, onun adambaşına düşən həcmi 3, dövlət büdcəsinin gəlirləri 19, qeyri-neft sənayesi 2,2 , kənd-təsərrüfatı 1,5, informasiya və rabitə sahəsi 9,5, tikinti 5,6 , turizm 12 , nəqliyyat 2,6, ticarət isə 3,2 dəfə artıb".
Baş nazirin müavini Əli Əhmədov isə qeyd edib ki, hakimiyyətin qarşısında duran ən başlıca hədəf Azərbaycanın inkişafıdır. O qeyd edib ki, ən mühüm hədəflərdən biri də həm regional, həm də beynəlxalq müstəvidə etibarlı gücün təmin edilməsindən ibarətdir.
Rabitə və informasiya naziri Əli Abbasov bildirib ki, Azərbaycan internetin inkişafına görə MDB və Mərkəzi Asiya ölkələri arasında birinci yerdədir. Maliyyə naziri Samir Şərifov isə deyib ki, Azərbaycan son 10 ildə xaricdən investisiya alan ölkədən xaricə investisiya yatıran və kosmosa peyk çıxaran ölkəyə çevrilib. Onun sözlərinə görə, hazırda Azərbaycanın xarici borcu ÜDM-ə nisbətdə 8,3 faizdir. Təhsil və səhiyyə sektorunda çalışanların əmək haqlarının orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması planlaşdırılır.