Prezident İlham Əliyev: "Siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır"
Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib.
Dövlət başçısı əvvəlcə Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış olub.
Konfransda çıxış edən dövlət başçısı 2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişafının təmin edildiyini, bu il ümumi daxili məhsulun təxminən 6 faiz, qeyri-neft sektorunun isə təxminən 10 faiz artdığını vurğulayıb. “Bizim siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır”, - deyən dövlət başçısı bu islahatların dünyanın aparıcı maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev vurğulayıb ki, son 10 ildə fəal işlər nəticəsində Azərbaycanın siyasi, iqtisadi uğurları təmin edilib. “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”, - deyən dövlət başçısı vurğulayıb ki, bu gün mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı dünyanın mərkəzlərindən birinə çevrilib.
Azərbaycan prezidenti son 10 ildə regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının qəbul olunduğunu, nəticədə bölgələrin inkişafında mühüm uğurlar qazanıldığını, eləcə də ölkə iqtisadiyyatına qoyulan sərmayələrin dinamik inkişafı təmin etdiyini bildirib.
Azərbaycanın neft strategiyasına toxunan Prezident İlham Əliyev bu sahədə reallaşdırılan layihələrdən danışıb, qeyd edib ki, “Şahdəniz-2” layihəsinə start verilməsi gələcəkdə ölkəmizin müstəqil inkişafına daha bir töhfə olacaq. Bakı şəhərinin təkcə mərkəzdən ibarət olmadığını vurğulayan Prezident İlham Əliyev inkişafın paytaxtın qəsəbə və kəndlərində də müşahidə edildiyini, şəhərin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icra olunduğunu diqqətə çatdırıb.
Konfransa yekun vuran Prezident İlham Əliyev bildirib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət Proqram”ının icrası şəhərimizin abadlaşması üçün böyük təkan olub.
2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq baxımından gələn ilin həlledici il olacağını da vurğulayan dövlət başçısı 2014-cü ildə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbul ediləcəyini diqqətə çatdırıb.