Şagirdlərin məcburi müalicəyə göndərilməsinin səbəbi müəyyənləşdi
Son günlər paytaxt məktəblilərinin sinfindən asılı olmayaraq, tibbi müayinədən keçməyə göndərilməsi müəyyən narazılıqlar və suallar ortaya çıxarıb. APA-nın xəbərinə görə, məktəblilərin hər biri onlara təqdim olunan arayışlara əsasən, həkim nəzarətindən keçməli və sağlamlıqları barədə məktəbə məlumat verməlidirlər. Məktəblilərin göndərildiyi poliklinikalarda isə tibbi arayışın alınması müəyyən problemlər yaradıb. Bəziləri bunun Təhsil Nazirliyinin, digərləri ilə Səhiyyə Nazirliyinin qərarı əsasında həyata keçirildiyini bildiriblər. Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, məktəblilərin sağlamlıq haqqında tibbi arayış alması ilə bağlı nazirlik hər hansı bir göstəriş verməyib. Araşdırma zamanı məlum olub ki, məktəblilərin məcburi tibbi müayinədən keçirilməsi “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanuna əsasən, həyata keçirilir. Bakı Şəhər Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev APA-ya bildirib ki, uşaqların icbari dispanserizasiyası hər il daimi olaraq aparılacaq. Bununla bağlı bütün poliklinikalara məlumat verildiyini deyən R.Nağıyev qeyd edib ki, ildə bir dəfə uşaqlar icbari müayinədən keçiriləcək.
Rəis müavini qeyd edib ki, uşaqların icbari müayinədən keçirilməsi onların dərsdən yayınmasına problem yaratmır. Onun sözlərinə görə, təhsil bir çox məktəblərdə beşgünlükdür və şagirdlər şənbə günü müayinədən keçə bilər.