Səlim Müslümov 5 RƏİSİ İŞDƏN ÇIXARIB
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 5 regional müfəttişliyin rəislərini işdən azad edib, 11 müfəttişliyin rəislərinə isə töhmət verib. Daha 3 müfəttişliyin rəislərinin yerləri rotasiya qaydasında dəyişdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşlarının iştirakı ilə ölkədə əmək qanunvericiliyinə düzgün əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində mövcud vəziyyətə həsr olunmuş iclasda Səlim Müslümov bu orqanın fəaliyyətinin heç də qənaətbəxş olmadığını konkret faktlar əsasında diqqətə çatdırıb.
APA TV-nin xəbərinə görə, nazir bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə uyğun şəkildə yenidən qurulması və müfəttişliklərin vəzifə funksiyalarına yanaşmalarında icra məsuliyyətinin artırılması üçün ciddi tədbirlərin görülməsinin vacibliyini bildirib.
İclasda DƏMX-nin rəisi İdris İsayev müfəttişliklərin ötən il və bu ilin 10 ayına dair fəaliyyətinin araşdırılması zamanı aşkar edilən nöqsanlar barədə məlumat verib.
Müfəttişliklərin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu diqqətə çatdırılıb. Bildirilib ki, dövlət nəzarəti həyata keçirilmiş müəssisələrin cüzi bir qismində cərimələrin tətbiq olunması, hətta bəzi regionlarda il ərzində 250-dək müəssisədə yoxlama aparıldığı halda, onlardan heç birinə qarşı cərimə aktının yazılmaması aparılan yoxlamaların əslində formal xarakter daşıdığını göstərir.