Şamaxı Rəsədxanasının ətrafındakı binalarla bağlı araşdırma aparılır
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Texniki Elmləri Bölməsi institut və təşkilatlarının 2013-cü il üçün hesabat iclası çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunun illik hesabatı dinlənilib. APA TV-nin xəbərinə görə, institutunun direktoru Rasim Əliquliyev bildirib ki, hazırda institutda 6 əməkdaş elmlər doktoru, 57 doktorant və dissertant isə fəlsəfə doktoru proqramı üzrə araşdırmalar aparır.
Fizika İnstitutunun direktoru Nazim Məmmədov isə vurğulayıb ki, bu il Fizika İnstitutunun Dissertasiya Şurasında 1 nəfər elmlər doktoru ,6 nəfər fəlsəfə doktoru üzrə dissertasiya müdafiə edib.
Daha sonra çıxış edən AMEA vitse-prezidenti Akif Hacıyev deyib ki, Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ətrafında tikilən 2 mərtəbəli binanın rəsədxananın fəaliyyətinə nə dərəcədə mane olmasının araşdırılması üçün bir ay əvvəl Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlayıb. Məktubun sürəti AMEA-ya da təqdim olunub. Məktubda FHN-ə tikinti şirkəti və astrofiziklərlə birlikdə məsələnin araşdırılması tapşırılıb.
Astrofiziklərin hazırladıqlarını rəylərin AMEA-nın prezidenti Akif Əlizadəyə təqdim edildiyini bildirən Akif Hacıyev vurğulayıb ki, bu rəylərdə də rəsədxana ərafındakı binaların işıqlarının gecələr teleskopun fəaliyyətinə problem yaratdığı qeyd edilib.