Avropa Birliyindən TÜRKİYƏYƏ XƏBƏRDARLIQ
Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Türkiyə hökumətinə xəbərdarlıq edib. APA-nın “The Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, Ştefan Füle öz sözçüsü vasitəsilə yaydığı açıqlamada Türkiyədə məhkəmə-hüquq sisteminin müstəqilliyi prinsipin pozulduğunu və baş nazir Ərdoğanın Türkiyənin Avropa Birliyinə üzvlük perspektivini riskə atdığını söyləyib.
Ştefan Füle bildirib ki, məhkəmə-hüquq sisteminin müstəqilliyi Türkiyənin Avropa Birliyinə üzvlüyü prosesində ən önəmli məsələlərdən biridir: “Polis müdirlərinin qovulması və polisə apardığı istintaq barədə yuxarı orqanlara və daha səlahiyyətli şəxslərə məlumat vermək məcburiyyəti gətirilməsi istintaqın müstəqilliyi, effektivliyi və tərəfsizliyinə, eləcə də hakimiyyət bölgüsü prinsipinə ziddir və narahatlıq doğurur”.
Türkiyə-Avropa Birliyi birgə parlamentlərarası komissiyasının həmsədri, Avropa Parlamentinin liberallar qrupunun üzvü, ingiltərəli Endrü Daff isə AB-ni Türkiyədəki rüşvət və korrupsiya əməliyyatı ilə bağlı səssiz qalmaqda ittiham edib. O, öz “Twitter” səhifəsində yazıb ki, Türkiyədə media təzyiq altındadır, xaricilər günahlandırılır, rüşvətdə günahlandırılan nazirlər hələ də öz vəzifələrində qalır.