Şamaxıda FACİƏ: 3 ÖLÜ, 4 YARALI
Bakı-Şamaxı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə yolun 110-cu kilometrliyində, Pirsaat çayı üzərindəki körpüdə baş verib. İsmayıllı rayonu Qubaxəlilli kənd sakini 34 yaşlı Ramil Xəlilovun idarə etdiyi 60-BH-117 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn Şamaxı rayonu Xınıslı kənd sakini 21 yaşlı İlyas Musayevə məxsus 90-HK-259 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı “VAZ 21011”in sürücüsü Ramil Xəlilov və iki azyaşlı oğlu- 5 yaşlı Əliheydər Xəlilov, 3 yaşlı Abbas Xəlilov, eləcə də “VAZ 21015”in sürücüsü İlyas Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
“VAZ 21011”in sürücüsü Ramil Xəlilovun həyat yoldaşı 32 yaşlı Günel İsgəndərova, eləcə də “VAZ 21015”dəki sərnişinlər - 22 yaşlı Həsənov Həsənalı Dünyamin oğlu və 20 yaşlı Aslanov Musa Abbas oğlu aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində keçiniblər. Güclü zərbədən hər iki avtomobil yararsız hala düşüb. Avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralıları və meyitləri FHN-nin Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi kəsici alətlərin köməkliyi ilə çıxarıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.