Betonqarışdıran "Nissan"ın üstünə aşdı: 5 ÖLÜ - YENİLƏNİB

Bakı-Quba yolunda baş verən dəhşətli qəzada ölənlərdən üçünün adı məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində ölən beş nəfərdən üçünün şəxsiyyətini müəyyən etmək mümkün olub. Dünyasını dəyişənlər – “Nissan” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Akif Məhərrəm oğlu Sadıqov, həmin maşında olan sərnişinlər, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, 1988-ci il təvəllüdlü Cavid Əjdər oğlu Hidayəttinov, Azərbaycan Texniki Universitetinin tələbəsi, 19 yaşlı Nurlan Güloğlan oğlu Tahirlidir.

 

Dünyasını dəyişən digər iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Abşeron rayon Polis İdarəsindən APA TV-yə bildirilib ki, betonqarışdıran yük avtomobili minik maşınının üstünə aşıb. Nəticədə taksi kimi fəaliyyət göstərən "Nissan" markalı avtomobilin sərnişinlərinin hamısı hadisə yerində ölüb. Qəzaya səbəb ağırtonnajlı yük maşınının yolun əks istiqamətinə cıxması göstərilir. 

 

“Azərkörpü” Tikinti Şirkətinə məxsus  90-AG-518  dövlət nömrə nişanlı, “Mercedes” markalı betonqarışdıran maşının sürücüsünün polisə verdiyi ifadəyə əsasən, qarşısında hərəkət edən "Mercedes" markalı minik avtomobili qəflətən əyləcdən istifadə edib və nəticədə yük maşınının sürücüsü idarəetməni itirib. Baş inspektorun sözlərinə görə, bu  sürücünün verdiyi ifadə özünümüdafiədir . Belə ki, sürücü  ara məsafəsi saxlamayıb. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

 

***

 

Bakı-Quba yolunda baş verən dəhşətli qəzada beş nəfər ölüb. Qəza zamanı “Mercedes” markalı minik avtomobili ilə betonqarışdıran yük maşını toqquşub. Nəticədə sürücünün idarəetməsindən çıxan yük maşını yolun ortasındakı metal çəpərləri dağıdaraq əks istiqamətə keçib və “Nissan Tiida”ya çırpılıb. Yük maşını “Nissan Tiida”nın üstünə aşıb. Avtomobildə olan 5 nəfər elə hadisə yerindəcə keçinib.

 

APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralı və meyitləri çıxarıblar.
 
Ölən və yaralananların adları hələlik məlum deyil.

 

Müəllif | Apa.Tv