Ukraynada erməni Azərbaycan diaspor təşkilatına maddi yardım edib

Ukraynada erməni iş adamı Azərbaycan diaspor təşkilatının hesabına vəsait köçürüb. Luqansk şəhərində yaşayan erməni iş adamı bunu həmyerlilərinə etiraz olaraq etdiyini bildirib. Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev APA TV-yə deyib ki, soyadı təhlükəsizliyi baxımından açıqlanmayan Robert adlı erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürüb: "Erməni bizim diaspor fonduna kömək edib. Ondan bunun səbəbini soruşdum, dedi ki, öz millətindən xoşun gəlmir".

Köçürülən vəsaitin məbləği hələlik açıqlanmır. O, bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib, azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini deyib. Robert bildirib ki, yaxın vaxtlarda özü bu barədə açıqlama verəcək.
İş adamı bundan sonra da nəzərdə tutulan vəsaiti erməni diaspor təşkilatının deyil, məhz Azərbaycan diasporunun hesabına köçürəcəyini bildirib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı