Abdulla Gül: "KORRUPSİYA VARSA..." - RÜŞVƏT QALMAQALI
Türkiyə prezidenti Abdulla Gül ölkədəki rüşvət və korrupsiya qalmaqalına ilk dəfə münasibət bildirib.
APA TV-nin xəbərinə görə, A. Gül Türkiyədə məhkəmələrin müstəqil və tərəfsiz olduğunu vurğulayıb. “Ortada korrupsiya varsa, bu ört-basdır edilə bilməz. Bu məsələdə hamı rahat olsun. Hər kəs hüquqi prosesə hörmətlə yanaşmalıdır. Məhkəmə sistemi hər hansı məsələni sual altında qoymadan yekun qərarını verəcək”.
Bu arada rəsmi Vaşinqton Türkiyədəki ABŞ səfirinə hücumlardan narahatlığını bildirib. Türkiyənin bəzi media orqanlarında ABŞ-ın Ankaradakı səfiri Frenk Rikkardone haqqında xoşagəlməz ifadələr yer alıb.
İqtidara yaxın media "rüşvət və korrupsiya əməliyyatı"nın arxasında ABŞ-ın dayandığını bildirir və səfir Rikkardonenin ölkədən qovulmasını tələb edir. Prezident köşkündə bir mükafatlandırma mərasiminə qatılan daxili işlər naziri Müəmmər Gülər isə oğlu ilə bağlı bütün ittihamları yenə rədd edib və onun evindən tapılan pulun satdığı villanın pulu olduğunu açıqlayıb. Müəmmər Gülər iş adamı Rza Zərrabi ilə münasibətlərindən də danışıb. O bildirib ki, vaxtı ilə Zərrabın sözü ilə bir polis rəisinin işdən çıxarılmasının səbəbləri var. SİTAT: “Zərrab şikayətində polis rəisinin ondan külli-miqdarda pul tələb etdiyini, verməyəcəyi təqdirdə isə ona qarşı əməliiyat keçirəcəyi ilə bağlı ifadəsi vardı. Araşdırma nəticəsində şikayət öz təsdiqini tapdı və o, işdən azad edildi”.
Gülər Zərrabla tanışlığına gəlincə bildirib ki, iş adamı ilə oğlu vasitəsi ilə tanış olub: “Oğlum biznesə başladığı ilk illərdə şəriki olan bir qohumumuz onu aldatdı və oğlum borclu düşdü. Sonradan öyrəndi ki, qohumumuz Rza Zərrabın Çindəki işlərinə rəhbərlik edir və belə qərara gəldi ki, ona müraciət etsin. Mənim də Zərrabla tanışlığım yalnız bu vasitə ilə olub”.
Azərbaycanın Türkiyədəki səfirliyindən Rza Zərrab barədə məlumat verilib. Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat müşaviri Elsevər Salmanov R. Zərrabın Bakıda doğulmadığını deyib. Əlavə edib ki, Azərbaycanın dövlət orqanlarında bu barədə hər hansı sənəd yoxdur. O, nə keçmişdə, nə də indi Azərbaycan vətəndaşı olub.