"Binə "ticarət mərkəzində yanğın: 5-Cİ SIRA TAM YANDI

Ötən axşam "Binə" ticarət mərkəzində yanğın baş verib. APA TV xəbər verir ki, yanğın ticarət mərkəzinin 5-ci sırasından başlayıb və tezliklə xeyli sayda mağazanı əhatə edib.

 

Əraziyə yanğınsöndürmə briqadaları, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Rikskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki Müdafiə Qoşunlarının hissələri və polis dəstələri cəlb edilib.

 

Mağaza sahibləri yanan sıraya keçməyə cəhd edirdilər. Lakin yanğının həcmi böyük olduğundan onların təhlükəli bölgəyə yaxınlaşmaması üçün canlı sədd yaradılmışdı. Tez-tez mağaza sahibləri ilə polis əməkdaşları arasında mübahisələr yaranırdı.

 

Ticarət mərkəzində yaranmış qarışıqlıqdan oğurluq üçün istifadə etməyə çalışanların olması polisin işini bir qədər də çətinləşdirirdi. Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayevin APA TV-yə verdiyi məlumata görə, oğurluqğa cəhd edən bir neçə nəfər saxlanılıb.

 

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ərazidə təhlükəsizlik tədbirləri görüblər.Yanğının qarşısını yalnız bir neçə saatdan sonra almaq mümkün oldu. Yanğınsöndürmə briqadaları yanğını məhdudlaşdırsalar da, ayrı-ayrı yerlərdə yanğın ocaqları qalırdı. İlkin məlumata görə, hadisə nəticəsində onlarla mağaza içərisindəki mallarla birlikdə yanıb.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA TV-yə verilən məlumata görə, “Binə” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində bir nəfər  tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinə yerləşdirilib.

 

Müəllif | Apa.Tv