İmişlidə maşın aşdı: 1 ölü, 4 yaralı
Yaralılar xəstəxanaya yerləşdirilib
İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Otuziki kəndində qeydə alınıb.
Otuziki kənd sakini, 1995-ci il təvəllüdlü Əzizov Mirxalid Mirqiyas oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin qarşısına motosiklet çıxması nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan İmişli rayon Soltanmuradlı kənd sakini, 1968-ci il təvəllüdlü Əzizli Könül Maqsud qızı, Otuziki kənd sakinləri - 1968-ci il təvəllüdlü Güləliyeva Gültəkin Hacağa qızı, 1972-ci il təvəllüdlü Əzizova Validə Qoçəli qızı ağır xəsarətlər alaraq İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı sərnişinlərdən biri - Əzizov Qiyas Mirbaba oğlu hadisə yerində ölüb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.