Məcburi köçkünlərin yataqxanasında 30 EV YANDI
Ötən gecə Bakının Binəqədi rayonu ərazisində, Bakı Humanitar Kollecinin yataqxanasının qarşısında məcburi köçkünlər tərəfindən inşa edilmiş taxta evlərdə yanğın baş verib. APA TV-nin məlumatına görə, evlərin taxtadan olması və bir-birinə bitişik inşa edilməsi yanğının cəmi bir neçə dəqiqə ərzində sürətlə yayılmasına səbəb olub.
Hadisənin baş verdiyi Şövkət Məmmədova küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bqiqadaları yanğının daha geniş ərazini əhatə etməməsi üçün tədbirlər görüb. Buna baxmayaraq, 30-a yaxın ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub.
Hadisə nəticəsində bir neçə nəfər zəhərlənib. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.
Yanğına evlərin üstü ilə özbaşına çəkilmiş elektrik xətlərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir.