Rusiyaya 8 milyon dollar aparmaq istədi, təyyarədə yaxalandı
Tacikistanın paytaxtı Düşənbə aeroportunda 3 nəfər saxlanılıb. Onlar sərhəddən qanunsuz yolla 8 milyon ABŞ dollar keçirmək cəhdində təqsirləndirirlər. APA TV-nin xəbərinə görə, bu barədə "CA-NEWS" saytı Tacikistan Gömrük İdarəsinin mətbuat xidmətinə istinadən məlumat verib. Saxlanılanlardan biri - Rudaki rayonun sakini, 1977-ci il təvəllüdlü Kamilcon Əliyev Sankt-Peterburqa uçmaq istəyib. Onun əl çantasından Rusiyaya aparmaq istədiyi külli-miqdarda məbləğ müsadirə edilib. Pullar isə Feyzəli Mirzəyev adlı bir şəxsə məxsusdur. O, bu pulları çıxarmaq üçün Rusiya aviaşirkətlərindən birinin nümayəndəsi Ərkincon Həkimovla danışıqlar aparıb. Ərkincon Həkimov da saxlanılanların arasındadır. Məlumatda bildirilir ki, Ərkincon Həkimov Rusiyanın "Pulkov" avişirkətinin nümayəndəsidir. Həkimovun öz vəzifəsindən sui-istifadə edərək gömrük baxış məntəqəsini və sərhədi yoxlanmadan keçdiyi, pulları isə sərhəd zolağında gözləyən Kamilcon Əliyevə verdiyi bildirilir. Əliyev pulları əl çantasına qoyub və təyyarəyə minib. Tacikistan gömrük işçiləri hadisədən xəbər tutan kimi reysi saxlayıb və Əliyevi təyyarədən düşürüblər. Hadisə ilə əlaqədar cinayət işi başlanıb.
Keçən il də Düşənbə aeroportunda buna oxşar hadisə yaşanmışdı. O vaxt gömrükçülər İstanbula uçan bir qadından qanunsuz yolla sərhəddən keçirmək istədiyi 100.000 dollar və 3,5 kiloqram qızıl müsadirə etmişdilər.