İstanbulda Azərbaycan prezidenti haqqında kitab təqdim olundu

"İlham Əliyevin fəaliyyətindən öyrəndiyim o oldu ki, Dağlıq Qarabağ təkrar Azərbaycanın tərkibinə birləşdiriləcək".

 

APA TV-nin Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti ilham Əliyev haqqında kitab yazan Qrim Vilson deyib. "İlham. Bir prezidentin portreti" kitabının müəllifi bu günə kimi bir çox prezident və baş nazir haqda kitab yazıb: "İlham Əliyev həyatı haqqında məlumatları oxudum. Mənim belə bir prezident haqda yazmaq şansım oldu. Bu, çox yaxşı əsərdir. İlham Əliyev dediyini edən liderdir və fikirlərini kamera üçün demir. Bu kitablar onlayn şəkildə dünyanın bir çox ölkəsində satılır. Biz istəyirik ki, bu işi internet vasitəsi ilə Ermənistanda da görək. Orada da bilsinlər ki, İlham Əliyev nə deyirsə, edir".


Kitab 4 dildə çap olunub və dünyanın 5 minə yaxın kitab mağazalarında satılır. Qrim Vilson bu kitabı gələcəkdə filmə çevirməyi də düşünür.
 

Kitabın təqdimatı Xəzər Strateji Araşdırmalar institutunun təşkilatçılığı ilə İstanbulda Çarağan sarayında təşkil olunub. Təqdimatda iştirak edən Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov kitabın ölkə başçısının doğum gününün qardaş Türkiyədə keçirilməsinin rəmzi məna daşıdığını bildirib. O Azərbaycan prezidentinin hakimiyyəti dövründə Azərbaycanın keçdiyi inkişaf yoluna da toxunub: "Azərbaycan prezidenti heç kimin təzyiqinə baxmayaraq, müstəqil siyasət yeridir və öz xalqının iradəsini ifadə edir. Azərbaycan bu gün Cənubi Qafqaz regionunun həm ərazisi, həm də əhalisinə görə ən böyük dövlətidir və bu gün Azərbaycanın izni olmadan regionda heç bir layihə həyata keçirilə bilməz".
 

Təqdimat mərasimində ilk çıxış edən HASEN-in direktoru Haldun Yavaş kitabın çətin yollardan keçmiş bir millətin inkişaf və uğur hekayəsindən bəhs etdiyini deyib.
 

Daha sonra çıxış edən Azərbaycan Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov kitabın önəmindən danışb: "Prezident İlham Əliyevin atdığı bütün addımlar, Türkiyə ilə münasibətlərdə həyata keçirdiyi təşəbbülər yalnız gələcəyə hesablanıb. Heç bir qüvvə Azərbaycan ilə Türkiyə arasında münasibətlərini zədələməyə qadir deyil. Biz bir millət, iki dövlətik. Bu Azərbaycan və Türkiyə arasında ticarət həcmi 4, 2 milyard dollara çatıb. Amma 2020-ci ildə bu rəqəmin sürətlə artıraraq 15 milyard dollara çatacağını gözləyirik.

 

Təəssüf ki, hələlik bölgədə öz qeyri-konstruktiv, qeyri-rasional mövqeyi ilə yaşayan Ermənistanı yalnız Azərbaycan və Türkiyə cəzalandırır. Ümid edirik ki, bu sıraya gələckdə digər dövlətlər, digər beynəlxalq təşkilatlar da qoşulacaq".

 

Tədbirdə Türkiyənin millət vəkilləri və rəsmi şəxslər də kitabla bağlı fikirlərini bölüşüblər.

 

Müəllif | Apa.Tv