PREZİDENT İLHAM ƏLİYEV dünya azərbaycanlılarını TƏBRİK EDİB

Azərbaycan prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dünya azərbaycanlılarına təbrik ünvanlayıb.

 

Təbrikdə deyilir ki, mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam edir.

 

"Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs əsasında həyata keçirdiyimiz ardıcıl islahatlar hazırda bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarıb. Fərəhləndirici haldır ki, bu ilin əvvəlində biz “Azərspace-1” milli peykini orbitə çıxararaq dünyanın kosmik dövlətləri sırasına qoşulduq. Bu günlərdə isə Bakıda Avropanın aparıcı neft-qaz şirkətləri ilə imzalanmış “Şahdəniz -2” enerji sazişi Azərbaycanın uzunmüddətli və dayanıqlı tərəqqisi yolunda aydın üfüqlər açır ", deyə təbrikdə qeyd olunub.

 

APA TV-nin xəbərinə görə, qeyd olunub ki, Azərbaycan bölgədə həm də beynəlxalq iqtisadi, siyasi, humanitar tədbirlərin və idman yarışlarının keçirildiyi əsas mərkəzə çevrilib. Ölkəmiz dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Azərbaycanın iki il ərzində BMT Təhlükəsizlik Şurasında təmsil olunması isə dövlətimizin nüfuzuna və yürütdüyü siyasətə dünya birliyinin verdiyi yüksək qiymətin əyani təzahürüdür:

 

"Uğurlarımızla bərabər qeyd etməliyəm ki, qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi bütövlüyünün bərpası kimi taleyüklü vəzifə dayanır. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə nail olmaq üçün qarşı tərəflə danışıqları davam etdiririk. Hesab edirəm ki, harada yaşamalarından asılı olmayaraq, dünya azərbaycanlıları da bu işə öz dəstəklərini verməlidirlər".

 

Müəllif | Apa.Tv
Apa.tv