"Rüşvət qalmaqalı"nda yeni dalğa: KİMLƏR TUTULACAQ?
Türkiyədə həyata keçirilən genişmiqyaslı "rüşvət əməliyyatı"ndan sonra dekabrın 25-də yeni əməliyyata start verilib. Hələlik sonuncu əməliyyatla bağlı həbs olunan yoxdur. Aralarında "əl-Qaidə" terror təşkilatına maliyyə yardımı etməklə suçlanan Yasin əl-Kadının da olduğu çoxlu tanınmış şəxsin istintaqa cəlb olunması barədə qərar qəbul edildiyi bildirilir. Məlumata görə, prokurorluq bir hakimin imzaladığı bu qərarın qəbul olunmasından sonra hərəkətə keçib. Polisə təlimat göndərib. Ancaq İstanbul Əmniyyət Müdirliyi (Polis Təşkilatı) bu təlimatı yerinə yetirməyib. Bu səbəbdən Polis Təşkilatı ilə prokurorluq arasında böhran yaşanıb. Əməliyata "Ərgənəkon" işinin prokuroru Muammer Akkaş rəhbərlik edir. Muammer Akkaş günortaya qədər gözlədikdən sonra İstanbul Əmniyyət müdiri, valisi və maliyyə şöbəsinin müdiri haqqında araşdırma aparılmasına qərar verib. Axşam saatlarında maliyyə şöbəsinin müdiri Muammer Akkaşın otağına gəlib.
APA TV-nin "Kanal D"-yə istinadən xəbərinə görə, bu ilin mart ayında keçirilən 28 nəhəng tenderdə ölkənin 100 milyard dollar ziyana uğradıldığı iddia edilir. Əməliyyat çərçivəsində Nazirlər Kabineti, Nəqliyyat, Ətraf Mühit və Şəhərsalma, Meşə, Mədəniyyət nazirlikləri və Nazirlər Kabinetinin İnkişaf Agentliyində işləyən xeyli insan şübhəli şəxs qismində dinlənilib. Həmçinin, yüksək vəzifəli siyasətçilərin uşaqları, önəmli iş adamları və bürokratların da adı bu məsələdə hallanır. İstintaqda adı keçən ən önəmli şəxs ərəb iş adamı Yasin əl-Kadıdır. Onunla bərabər, Üsamə Kutup adlı daha bir ərəbistanlının da adı çəkilir.