Azərbaycanda demoqrafiq problem: KİŞİLƏRİN SAYI SÜRƏTLƏ ARTIR

Demoqrafik istiqamətdə qadın və kişilərin saylarındakı nisbətin dəyişməsi cinslər arasında disbalansın yaranmasına gətirib çıxara bilər. Bunun üçün selektiv abortların qarşısının alınması istiqamətində tədbirləri gücləndiriləcək. Səhiyyə Nazirliyi və digər müvafiq dövlət qurumları ilə birlikdə məsələyə nəzarəti artırmaq məqsədəuyğundur. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2013-cü il üçün yekun kollegiya iclasında deyib.

APA TV-nin xəbərinə görə, o deyib ki, son iyirmi ildə kişilərin sayı sürətlə artıb, əhali arasında cins nisbəti bərabərləşib. Buna görə də Azərbaycan demoqrafik problemlə üzləşib.

 

Komitə sədri bildirib ki, intihar hallarının, xüsusilə uşaqlar arasında intiharın sayının çoxalması müəyyən tədbirlərin həyata keçirilməsi məsələsini aktuallaşdırır. O, Təhsil Nazirliyi ilə birgə “Məktəb psixoloqu” sosial təsisatının aktivləşdirilməsi, “Ailə psixoloqu” institutunun yaradılması, məişət zorakılığına məruz qalan şəxslər üçün sığınacaqların yaradılması, zorakılıq və erkən nikah halları üzrə monitorinq sisteminin yaradılmasının vacib olduğunu bildirib.

 

Hicran Hüseynova gələcəkdə Komitənin öhdəsində olan üç məlumat bankının yaradılmasına ehtiyac olduğunu deyib. Bunlar övladlığa götürülmənin ümumi uçotunun aparılması, məişət zorakılığı və uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının hazırlanması istiqamətində "elektron hökumət" portalına inteqrasiya üçün xüsusi şöbənin yaradılmasıdır.

 

Müəllif | Apa.Tv