Əli Həsənov: "Postsovet məkanda azərbaycanlıların hüquqları pozulur"
"Rəsmi Bakı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin həbsi ilə bağlı beynəlxalq təşkilatların bəyanatlarını təhlil edir".
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, Azərbaycan cəmiyyəti bəyanatları mənasız, əhəmiyyətsiz məsələ hesab etmir: "Lakin Azərbaycan cəmiyyətinin özünün idarə olunma metodları, prinsipləri və qanuni əsasları var. Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmazdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alır. Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımı açıqlamanı verib və təhqiqat gedir”.
Azərbaycanın tolerant ölkə kimi multikulturalist ənənələrə malik cəmiyyətinin olduğunu diqqətə çatdıran Əli Həsənov deyib ki, ayrı-ayrı postsovet məkanında yaşayan azərbaycanlılara eyni xoş münasibətlərlə, nədənsə, rastlaşılmır: “Bəzən orada azərbaycanlıların milli vətəndaş hüquqları kobud şəkildə pozulur. Bəzən postsovet ölkələrində dövlət orqanları azərbaycanlılara qarşı ədalətsiz münasibəti təlqin və təbliğ edirlər. Bu anlamda Azərbaycan dövləti, cəmiyyəti digər dövlətlərdən, cəmiyyətlərdən xüsusi fərqlənir”.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin yeritdiyi sosial siyasət bütövlükdə ona ünvanlanıb ki, dini və milli kimliyindən asılı olmayaraq, hər bir vətəndaş dövlət qarşısında, qanunlar qarşısında özlərini bərabər hiss etsin.