Rusiya səfiri: "Xoşagəlməz hadisələr baş verib..."

"Rusiyada baş verən son hadisələr ölkələr və insanlar arasındakı münasibətlərə təsir göstərməyib".

 

APA TV-nin xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin "Rus İcması - 20 il. Yeni Azərbaycan Xalqlar Ailəsində" Respublika Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycandakı rus icması ölkə həyatında öz yerini tapa bilib: "Bu il bir sıra xoşagəlməz məqamlar, yəni Biryulevo hadisələri baş verib. Hadisədən dərhal sonra burada yaşayan ruslardan hayıf çıxmaq barədə çağırışlar eşidildi, lakin mən lap əvvəldən rahat idim və bilirdim ki, Azərbaycanda bu cür çağırışlara əhəmiyyət verən olmayacaq. Bunun təminatı Azərbaycan prezidentinin mövqeyi, eləcə də möhkəm dövlətlərarası münasibətlərdir”.  

 

Azərbaycan və Bakı yepiskopu Aleksandr İşein isə bildirib ki, ölkədə dini tolerantlıq yüksək səviyyədə təşkil edilib. Onun sözlərinə görə, rusların azad şəkildə yaşaması üçün Azərbaycanda hər cür şəraitin yaradılıb.

 

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

 

Tədbirində davamında iki ölkənin xalqları arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafında roluna görə, bir sıra şəxslər mükafatlandırılıb.

 

Müəllif | Apa.Tv