Ramiz Mehdiyev: "Regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir"
"Azərbaycan tarixində heç vaxt dinlər və millətlər arasında münaqişələr olmayıb, olmayacaq da..."
APA TV-nin xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ukraynada nəşr olunan “Şəxsiyyətlər” jurnalının prezident İlham Əliyevə həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il ərzində Azərbaycan böyük uğurlara imza atıb:
“Azərbaycan siyasi arenada öz layiqli yerini tutub. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkə xaricində də diqqətlə izlənilir. Ölkəmiz regionda lider ölkə kimi çıxış edir və buna görə də regionda baş tutan heç bir layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir. Prezident İlham Əliyevin istedadı və bacarığı nəticəsində Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasındadır. Onun fəaliyyəti ölkə hüdudlarından kənara aşıb. Ölkəmiz bir sıra layihələrin əsas iştirakçılarından biridir və bütün bunlar dövlətimiz qarşısında yeni, parlaq səhifələr açır”.
“Şəxsiyyətlər” jurnalının baş redaktoru Yuri Beletski bildirib ki, prezident İlham Əliyevin apardığı siyasət xarici ölkələrdə də böyük maraqla izlənilir. Məhz buna görə, jurnal qısa müddətdə iqtisadi və siyasi sahədə böyük nailiyyətlər əldə edən prezident İlham Əliyevin şəxsiyyətini işıqlandırmağı qərara aldı. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə bildirib ki, Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində Azərbaycan beynəlxalq aləmin nüfuzlu üzvlərindən birinə çevrilib.