Bahar Muradova: "İrəliləyiş sayılan addımların şahidi olmamışıq”

“Minsk Qrupunun həmsədrliyinə digər ölkələrin daxil edilməsi barədə təkliflər məsələləri yenidən sıfır nöqtəsinə qaytaracaq”. APA TV-nin xəbərinə görə, ATƏT-in Minsk Qrupunun 2013-cü ildəki fəaliyyətini qiymətləndirən Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, Minsk Qrupunun formatının dəyişdirilməsi istiqamətində fikirlər hər zaman mövcud olub: "Nəticə olmadıqca danışıqlar xatirinə danışıqlar keçirilir, vaxt uzanır, münaqişə dərinləşir, insanların ümidi daha da azalır. Ona görə də belə fikirlər səsləndirilir. Ancaq Minsk Qrupunun həmsədri olan ölkələr dünya siyasətinin aparıcı fiqurlarıdır və Ermənistana da kifayət qədər ciddi təsir imkanları olan ölkələrdir. Həmsədr ölkələrin hazırkı format çərçivəsində fəaliyyətlərini genişləndirməsi və real nəticəyə nail olmaq istəklərini ortaya qoymalarını gözləmək, bu işi stimullaşdırmaq lazımdır".

 

Vitse-spiker hesab edir ki, Minsk Qrupunun fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində irəliyə atılmış addım hesab edilən nəticələrə əsasən qiymətləndirilməlidir: "Təəssüf ki, bu fəaliyyətin konkret nəticələri danışıqlar prosesində öz əksini tapmayıb. İrəliləyiş hesab ediləcək hansısa addımların şahidi olmamışıq”.

 

Bahar Muradova bu il çoxdan dayandırılmış danışıqların prezidentlər arasında davam etdirilməsini müsbət dəyərləndirib.

 

Müəllif | Apa.Tv