Türkiyədə korrupsiya faktlarını araşdıran prokuror dəyişdirildi - QALMAQAL

Rəcəb Tayyip Ərdoğanın hökumətdə etdiyi dəyişikliklərin ilk nəticələri artıq özünü göstərməkdədir.  Sadullah Ergünü ədliyyə naziri postundan uzaqlaşdıran baş nazir Ədroğan bu vəzifəyə sadiq isimlərdən Bəkir Bozdağı təyin edib. Və Bozdağın ilk addımı korrupsiya qalmaqalını araşdıran və bəzi iddialara görə baş nazirin oğlu Bilal Ərdoğan da daxil olmaqla 30 nəfər tanınmış simanın həbsinə sanksiya verən prokuror Müəmmər Akkaşı prosesdən uzaqlaşdırmaq olub. İstintaq işi Müəmmər Akkaşdan alınaraq İstanbul şəhər prokurorunun səlahiyyətlərini icra edən Oqtay Ərdoğana verilib.

 

Sabiq daxili işlər naziri Müəmmər Gülər nazirlikdə təhvil-təslim işləri başa çatdıqdan sonra yazılı açıqlama yayıb. O, baş verən hadisələrə görə dolayı yolla Gülən camaatını günahlandırıb. “Kaş bizə bu xəncəri özümüzünkülər deyil, başqaları vuraydı” deyən Gülər hökumətə qarşı kampaniya aparan qüvvələrə haqqını halal etmədiyini deyib.

 

AKP daxilində də ciddi proseslər izlənməkdədir. Ordu millət vəkili, sabiq daxili işlər naziri İdris Naim Şahinin ardınca daha bir neçə millət vəkilinin AKP sıralarını tərk edəcəyi gözlənilir. Partiyanın nüfuzlu simaları AKP-də parçalanmanın qaçılmaz olduğunu söyləyərək, prezident Abdullah Gülü prosesə müdaxilə etməyə çağırıblar. Abdullah Gülün prosesə necə müdaxilə edəcəyi Milli Təhlükəsizlik Qurumunun toplantısında məlum olacaq. 

 

Türkiyə Milli Təhlükəsizlik Qurumunun yeni tərkibdə keçiriləcək ilk toplantısında ölkədə tüğyan edən korrupsiya və rüşvət qalmaqalı müzakirə olunacaq. Qurumun toplantısına yeni simalardan baş nazirin müavini Əmrullah İşlər, ədliyyə naziri Bəkir Bozdağ və daxili işlər naziri Əfqan Ala da qatılacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv