Ərdoğanın oğlu da İSTİNTAQA ÇAĞIRILIB

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın səs-küylü rüşvət qalmaqalından sonra ölkədə vəziyyəti sabitləşdirmək cəhdləri nəticə vermir. Baxmayaraq ki, baş nazir hökumətdə dəyişiklik edib və birdən-birə 10 naziri əvəzləyib. Ərdoğan rüşvət əməliyyatını özünə qarşı yönəlmiş kampaniya hesab edir.

 

Qalmaqalı daha da qızışdıran prokuror Müəmmər Akkaşın bəyanatı olub. Rüşvət əməliyyatı ilə bağlı istintaqdan uzaqlaşdırılan prokuror bəyan edib ki, hakimiyyət yüksək eşalonu səviyyəsində korrupsiya ilə bağlı cinayət işinin ədalətli araşdırılmasına mane olur, rüşvət əməliyyatının ikinci mərhələsi məhz məhkəmə sisteminə təzyiq nəticəsində baş tutmayıb.

 

APA TV-nin xəbərinə görə, İstanbulun baş prokuroru Turan Çolakkadı da mətbuat üçün bəyanat verib. O, prokuror Müəmmər Akkaşın iddialarını təkzib edib, onu istintaqın gizliliyini qorumamaqda, əlindəki məlumatları mediaya sızdırmaqda günahlandırıb.

 

O da məlum olub ki, prokuror Muəmmər Akkaşın araşdırdığı cinayət işi çərçivəsində baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın şübhəli şəxs qismində istintaqa çağırılması barədə qərar qəbul edilib. O, gələn il yanvarın 2-də ifadə verməyə çağırılıb.

 

Bu arada isə hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyətinin ötən gecə keçirilən toplantısında üç millət vəkilinin partiyadan çıxarılması barədə qərar qəbul edilib. Sabiq nazir Ərtuğrul Günay, eləcə də millət vəkilləri Erdal Kalkan və Haluk Özdalğanın partiyadan xaric edilməsi ilə bağlı intizam komitəsinə təqdimat verilib. Buna səbəb kimi həmin şəxslərin son vaxtlar partiyanın siyasətinə, prinsiplərinə və hökumətin addımlarına zidd bəyanatlar verməsi göstərilib.

 

Türkiyədəki siyasi gərginlik ölkə iqtisadiyyatına da təsir göstərir. İstanbul birjasında kəskin azalma müşahidə olunur, milli valyuta əhəmiyyətli dərəcədə zəifləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv