“Gəncə - Avropa Gənclər Paytaxtı 2016” layihəsi təqdim edildi

Gəncədə nazirlər və millət vəkillərinin iştirakı ilə “Gəncə - Avropa Gənclər Paytaxtı 2016” layihəsinin təqdimatı olub. APA TV-nin xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərhad Əliyev, həmçinin millət vəkilləri, gənclər təşkilatların rəhbərləri iştirak ediblər.

 

Çıxış edənlər Gəncənin Avropa gənclər paytaxtı seçilməsinin əhəmiyyətindən danışıblar və bu hadisənin Azərbaycanı, xüsusən də Gəncə şəhərini dünyada tanıdacağın bildiriblər. Təqdimatda Gəncənin Avropa Gənclər Paytaxtı 2016 müsabiqəsinə qoşularkən həyata keçirilən fəaliyyətlər və bundan sonra şəhərdə görülən işlər barədə məlumat verilib.

 

Gənclər və İdman Naziri Azad Rəhimov çıxışında bildirib ki, Gəncə Avropanın Gənclər Paytaxtı seçilməklə sübut edib ki, ölkədə gənclər siyasəti uğurla həyata keçirilir.

 

Təhsil naziri Mikayıl Cabbarov ölkədə təhsil sahəsində atılan addımlardan danışıb. Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov qeyd edib ki, Azərbaycanda internet yüksək səviyyədədir və bu şəbəkə ölkənin hər yerində keyfiyyətli xidmət göstərir. Nazir müavini vurğulayıb ki, 2016-ci ildə Gəncənin Avropanın Gənclər Paytaxtı seçilməsi münasibəti ilə şəhərdə internetin sürəti və keyfiyyəti daha da yaxşılaşdırılacaq.

 

Azərbaycanın ikinci böyük şəhəri Gəncə bu il 21 noyabr tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa Gənclər Forumunun ümumi yığıncağında 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı müsabiqəsinin qalibi elan olunub.

 

Sonra qonaqlar Gəncədə yeni inşa olunan 3 mərtəbəli Uşaq İncəsənət Mərkəzinin açılış mərasimində iştirak ediblər. Burada uşaqların sənət öyrənmələri və yaradıcılıq imkanlarının genişləndirməsi üçün hər cür şərait yaradılıb.

 

1979-cu ildə yaradılan Gəncə Uşaq Yaradıcılıq və İncəsənət Mərkəzinin binası son illər bərbad vəziyyətdə olub. Ötən ildən başlayaraq Mərkəz üçün yeni bina tikilib və hazırda müasir üslubda olan Mərkəzdə  56 pedaqoji işçi yüzlərlə uşağın yaradıcılıq imkanlarının təlimi üzrə fəaliyyət göstərir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli