Azyaşlılardan ibarət OĞRU DƏSTƏSİ TUTULDU
Lənkəranda, dövlət idarələrindən, eləcə də şəxsi obyektlərdən oğurluq etməkdə təqsirli bilinən dəstə saxlanılıb. Oğruların hədəfinə tuş gələn isə idarələrin seyfləri olub. 4 nəfərdən ibarət olan dəstə yaxın dostlardır və onların hamısı azyaşlılardır.
Lənkəran şəhər Polis Şöbəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, Lənkərandakı 1 saylı Notariat Kontorunda pəncərədən girmək yolu ilə 2660 manat pul oğurlanıb. Görülən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun Lənkəran rayon sakinləri Əli Ramazanov, Şəhriyar Həsənzadə, Rəşad Bağırov və İqbal Kərimov tərəfindən törədildiyi məlum olub. Həmin şəxslər isti izlərlə yaxalanaraq istintaq orqanlarına təhvil verilib. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər qabaqcadan əlbir olaraq sahibkar Əziz Babayevə məxsus avtomobillərin təmiri sexindən içərisində 5700 manat olan seyfi, Cəlal Azadova məxsus stomatoloji kabinetdən “Samsung” markalı televizoru oğurlayıblar, Dövlət Reyestr Xidmətinin Lənkəran ərazi idarəsi və 2 saylı poçt məntəqəsindən isə oğurluğa cəhd göstəriblər.
Avtomaşın təmir sexindən, eləcə də digər idarələrdən oğurlanan dəmir seyflər aşkar olunaraq maddi sübut qismində götürülüb.
Faktla bağlı Lənkəran Polis Şöbəsində Cinayət Məcəlləsinin dörd maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.