Ruhi xəstəxanadan qaçan MƏHKUMLARDAN DAHA BİRİ YAXALANDI

Bakıda ruhi xəstəxanadan qaçan xəstələrdən daha biri həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirli, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından qaçan Razim Ramiz oğlu Hacıyev tutulub. O, saxlanılarkən polisə müqavimət göstərib.

 

Ramiz Hacıyev tutularkən iki nəfərlə “KİA” markalı avtomobildə olub.Ələ keçəcəyini görən R.Hacıyev avtomobili polisin maşınının üstünə sürüb. Nəticədə polisin avtomobili əzilib.

Qaçan xəstələrdən biri - 23 yaşlı Elvin Nəsrullayev hadisədən bir neçə gün sonra könüllü geri qayıdıb.

 

APA TV-nin xəbərinə görə, noyabrın 15-də xəstəxanada müalicə olunan və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Tural Abbasov, Elvin Nəsrullayev, Razim Hacıyev və Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.

 Həmin gün xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənov daha sonra intihar edib.

Müəllif | Apa.Tv
Apa.tv