AVTOMOBİL CAMIŞI VURDU
Lənkəran və Masallı rayonlarının ərazilərində yol-nəqliyyat hadisələri baş verib. APA TV – nin cənub bürosunun məlumatına görə, Lənkəran və Masallı ərazilərində baş verən yol qəzaları zamanı xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib.
Qəzalardan biri Ələt – Astara magistralının 183 - ci kilometrliyində - Lənkəranın Şirinsu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini, 49 yaşlı Mahmud Axundovun idarə etdiyi “Mercedes” markalı avtomobil magistral yolda hərəkətdə olarkən qarşısına kənd sakini Maarif Əliyevə məxsus 2 camış çıxıb. Sürücü camışları vurmamaq üçün maşını yoldan kənara çəkib. Amma buna baxmayaraq, avtomaşın camışlardan birini vurub.
Digər qəza isə Masallı rayonu ərazisində qeydə alınıb. “QAZ – 31” markalı avtomaşın Lənkəran istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarına aşıb. Sürücü qəzanın baş verməsinə yolun buz bağlamasını səbəb gətirib.
Hər iki faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma aparılır.